Almaniya yığmasının və Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbekin adı son vaxtlar transfer bazarlarında tez-tez hallanır. Xüsusilə, İspaniyanın nəhəng klubu "Real Madrid"in futbolçu ilə maraqlandığı barədə iddialar yayılıb. Lakin oyunçunun özü bu məsələyə aydınlıq gətirib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Bild" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi hazırda klub karyerası ilə bağlı transfer müzakirələrinə qatılmaq niyyətində deyil.
Şlotterbek bütün diqqətini 2026-cı il Dünya Çempionatına hazırlığa və Almaniya yığmasının heyətində uğurlu çıxış etməyə yönəldib. Futbolçu üçün hazırkı prioritet milli komandanın qarşıdakı oyunlarıdır.
Niko Şlotterbekin transfer bazarındakı dəyəri hazırda 55 milyon avro civarında qiymətləndirilir.
Ötən mövsüm Dortmund təmsilçisinin heyətində 37 rəsmi matçda forma geyinən müdafiəçi, özünü effektiv oyunçu kimi də təsdiqləyib:
- Qollar: 5
- Məhsuldar ötürmələr: 2
Qeyd edək ki, Almaniya millisi Dünya Çempionatının qrup mərhələsində Ekvador, Küraçao və Kot-d’İvuar yığmaları ilə mübarizə aparacaq.