Azərbaycanda istilik haqlarının hesablanma mexanizminə mühüm dəyişiklik təklif olunur. Tariflərin mənzilin ümumi sahəsinə görə deyil, məhz faktiki istilik verilən sahəsinə görə hesablanması məqsədilə Nazirlər Kabinetinin təsdiqlədiyi "İstilik enerjisindən istifadə Qaydaları"na düzəlişlər edilməsi gündəmə gətirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu təşəbbüslə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edib. O, bu təklifi Milli Məclisin bugünkü plenar iclasında, 2025-ci il üzrə fəaliyyət məruzəsini təqdim edərkən səsləndirib.
Ombudsman eyni zamanda xarici ölkələrin müsbət təcrübəsini əsas gətirərək, sosial qruplar üçün nəqliyyat güzəştlərini vacib sayıb. Təklifə əsasən, ictimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə münasibətdə xüsusi güzəştlər tətbiq olunmalıdır.
Səbinə Əliyeva həmçinin Bakı şəhərində ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması və şəhər mərkəzinə şəxsi avtomobil axınının azaldılması yollarını göstərib. O, müasir standartlara cavab verən avtobusların sayının artırılmasını, o cümlədən tutumu çox olan ikimərtəbəli avtobusların alınması məsələsinə baxılmasını təklif edib.
Bununla yanaşı, sərnişin sıxlığı nəzərə alınaraq avtobus intervallarının minimuma endirilməsi (hazırda bu müddət bəzən 10-20 dəqiqədən artıq olur) zərurəti diqqətə çatdırılıb.