İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfərdən əvvəl hərbi-siyasi kabinet üzvlərinə bildirib ki, Vaşinqton İsrail qoşunlarının Qəzza zolağı, Suriya və Livandan çıxarılmasını tələb edir.
“Operativ Məlumat Mərkəzi-OMM” İsrailin "13-cü kanal"ına istinadən xəbər verir ki, Netanyahu bu tələblərə qarşı çıxmaq niyyətindədir.
"Mən qətiyyətlə müqavimət göstərəcəyəm. Onlara yox deyəcəyəm", - telekanal baş nazirin sözlərindən sitat gətirib.
Daha əvvəl İsrailin hərbi-siyasi kabineti ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının Qəzza zolağında fəaliyyətinə icazə verib. Qərara yalnız milli təhlükəsizlik naziri İtamar Ben-Qvir qarşı çıxıb.
İsrailin siyasi mənbəsi bildirib ki, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) Qəzzaya yeridilməsinə prinsipial razılıq Trampın bütün girovların azad edilməsinə səbəb olan 20 bəndlik planında nəzərdə tutulub.
Onun sözlərinə görə, Təl-Əviv İsrail Müdafiə Qüvvələrinin (İMQ) "sarı xətt"dəki mövqelərinin qorunub saxlanmasında israrlıdır və HƏMAS tam tərk-silah edilənə və Qəzza zolağı demilitarizasiya olunana qədər qoşunlarını geri çəkmək niyyətində deyil. Hazırkı mərhələdə söhbət İsrailə dost ölkələrin, o cümlədən Uqanda və Mərakeşin təxminən 200 nümayəndəsindən gedir.
Kabinet həmçinin beynəlxalq təşkilatlar haqqında qanuna uyğun olaraq ISF iştirakçılarına toxunulmazlıq verib. Qüvvələr İsrail ordusunun nəzarətində olmayan ərazidə, "sarı xətt"dən kənarda İMQ ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklər.
ISF-in hər bir bölməsinin yeridilməsi İsrailin Baş nazirinin, müdafiə və xarici işlər nazirlərinin ayrıca təsdiqini tələb edəcək. Yalnız İsraillə sülh müqaviləsi bağlamış və beynəlxalq arenada ona, yaxud rəsmi şəxslərinə qarşı çıxış etməyən ölkələr qüvvə göndərə biləcəklər.