İran ABŞ ilə davam edən qarşıdurma fonunda hərbi doktrinasında dəyişiklik etməyə hazırlaşır.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Reuters” agentliyinə danışan iranlı rəsminin sözlərinə görə, diplomatik danışıqların nəticəsiz qalması Tehranın müdafiə mövqeyindən daha hücum xarakterli strategiyaya keçməsinə səbəb ola bilər.
İran tərəfi “Hörmüz Boğazı”nda və regionda gərginliyin daha da artmasına hazır olduğunu açıqlayıb. Diplomatik yolların tükənəcəyi təqdirdə ABŞ-ın dəniz blokadasını yarmaq məqsədilə hərbi zərbələrin endirilməsi variantının da nəzərdən keçirildiyi bildirilir.
ABŞ tərəfi hələlik İran rəsmilərinin son bəyanatlarına rəsmi münasibət bildirməyib. Bununla belə, ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində İranın təslim olmalı olduğunu bildirib.
Tramp “Hörmüz Boğazı”nda gəmiçiliyin dayanmasına da toxunaraq, prosesə müdaxilə edəcəyi təqdirdə Omanı hədəfə almaqla hədələyib.
Gərginliyin artdığı bir vaxtda İran və Oman arasında “Hörmüz Boğazı”ndan gəmi keçidlərinin təşkili ilə bağlı ilkin razılaşmanın əldə edildiyi açıqlanıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, tərəflər gəmi marşrutları ilə bağlı ilkin razılığa gəlib və yekun sənəd üzərində iş davam edir. Təklif olunan plana əsasən, gəmilərin İran tərəfinə yaxın ərazidən boğaza daxil olması, Oman istiqamətindən isə çıxması nəzərdə tutulur.
Baqai qeyd edib ki, bu razılaşma strateji su yolunda təhlükəsizliyin tam təmin olunması üçün kifayət deyil. Onun sözlərinə görə, “Hörmüz Boğazı”nın tam açılması ABŞ-nin hərbi təhdidlərə və limanlara tətbiq etdiyi dəniz blokadasına son qoymasından asılıdır.
Bununla yanaşı, bəzi məlumatlarda İran ordusunun baş komandanının ABŞ hərbçilərinin tutulması və ya öldürülməsi ilə bağlı 30 min dollar mükafat qoyduğu da iddia edilir. Bu məlumatın müstəqil şəkildə təsdiqlənib-təsdiqlənmədiyi isə açıqlanmayıb.