ABŞ-də baş verən güclü tornado və ildırım fırtınaları milyonlarla insanın həyatına mənfi təsir göstərib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, ABŞ-nin ABC telekanalı yerli hava xidmətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, bazar ertəsi günü təxminən 50 milyon amerikalı şiddətli hava şəraitinin təsiri altında qalıb. Ayova, Kanzas, Minnesota və Nebraska ştatlarında ən azı 20 tornado qeydə alınıb.
Bildirilir ki, fırtına nəticəsində bir neçə yaşayış evi dağılıb. Hadisə ilə bağlı hələlik ölən və ya xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.
Bundan əlavə, adıçəkilən və digər bəzi ştatlarda beş ballıq şkala üzrə dörd balla qiymətləndirilən güclü küləklərlə müşayiət olunan ildırım fırtınaları müşahidə olunub.
Sinoptiklər xəbərdarlıq ediblər ki, çərşənbə axşamı günü Texasın cənubundan ABŞ-nin şərq sahilində yerləşən Vermont ştatına qədər geniş ərazidə tornado və şiddətli ildırım ehtimalı davam edəcək.
Həmçinin Kanzas, Missuri və Nebraska ştatlarının sakinlərinə mümkün daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq olunub.