Azərbaycanda qanunsuz onlayn xarici lotereya və idman mərc oyunlarının fəaliyyətinə qarşı mübarizə tədbirləri gücləndirilir. “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) Nizamnaməsində müvafiq müddəalar əksini tapıb.
Nizamnaməyə əsasən, MKA aşağıdakı istiqamətlərdə tədbirlər görməyi öhdəsinə götürür:
- Azərbaycanın rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatorunun müraciəti əsasında telekommunikasiya vasitəsilə qumar oyunlarının təşkili və keçirilməsinin qarşısının alınması;
- Qumar oyunlarında iştirak üçün bilet satışının təşkili və ya birbaşa satışın məhdudlaşdırılması;
- Azərbaycan ərazisindən xarici lotereya təşkilatçılarına, idman mərc oyunları operatorlarına və onların satıcılarına məxsus virtual mühitə çıxışın qanunvericiliyə uyğun qaydada bloklanması.
Agentlik qanunla müəyyən edilmiş qaydada bu sahədəki qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün zəruri addımların atılmasını təmin etməlidir.