Azərbaycanın təhsil sistemində son illərin ən nəzərəçarpan irəliləyişlərindən biri qeydə alınıb. 15 yaşlı şagirdlərin bacarıqlarını qiymətləndirən Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) son nəticələrinə əsasən, riyaziyyat, təbiət elmləri və oxu üzrə göstəricilər yaxşılaşıb.
Elm və təhsil naziri Emin Əmrullayev “AnewZ”ə eksklüziv müsahibəsində bildirib ki, nəticələr son on il ərzində həyata keçirilən islahatların təsirini əks etdirir. Onun sözlərinə görə, PISA ölkələr arasında rəqabət vasitəsi deyil, təhsil sistemlərinin inkişafını ölçməyə kömək edən tədqiqat alətidir.
Nazir qeyd edib ki, PISA nəticələri tədris metodları, müəllimlərin keyfiyyəti, ailə mühiti və valideynlərin təhsildə iştirakı kimi amillərin şagird nailiyyətlərinə təsiri barədə hökumətə, məktəblərə və tədqiqatçılara dəyərli məlumat verir.
Ən böyük irəliləyiş Bakı şəhərində qeydə alınıb. Bakı 2018-ci ildən PISA-da iştirak edir və son qiymətləndirmə dövrü ilə müqayisədə paytaxtın riyaziyyat üzrə göstəricisi 63 bal artıb. Emin Əmrullayev bu artımı təxminən üç əlavə tədris ilinə bərabər nəticə kimi qiymətləndirib.
Bu göstərici Bakını riyaziyyat üzrə dünyada ən yaxşı nəticə göstərən ilk 30 sistem sırasına daxil edib. Azərbaycan ümumilikdə ilk 50-likdə yer alıb.
Əmrullayev irəliləyişin əsas səbəbləri sırasında müəllimlərin işə qəbulu, sertifikatlaşdırılması və əməkhaqqının artırılması, kurikulumun yenilənməsi və qiymətləndirmə sistemindəki dəyişiklikləri göstərib. Milli imtahanların beynəlxalq kompetensiya əsaslı qiymətləndirmə modellərinə uyğunlaşdırılması şagirdlərdə əzbərləmədən daha çox problem həlli və analitik düşünmə bacarıqlarının inkişafına yönəlib.
Nazir təhsilə dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasının da mühüm rol oynadığını bildirib. PISA məlumatlarına əsasən, Bakıda şagirdlərin təxminən 8,1 faizi, ölkə üzrə isə 5 faizə yaxını riyaziyyat üzrə ən yüksək nəticə səviyyələrində çıxış edib.
Bununla belə, oxu və təbiət elmləri üzrə problemlərin qaldığı qeyd olunub. Əmrullayevin sözlərinə görə, riyaziyyat üzrə nəticələr “yaxşı” səviyyəyə çatsa da, oxu və təbiət elmləri üzrə göstəricilər hələ “qənaətbəxş” mərhələsindədir. O, xüsusilə oxu bacarıqlarına diqqətin artırılmasının vacibliyini vurğulayıb.
PISA nəticələri şəhər və kənd məktəbləri arasında fərqin də böyük olduğunu göstərib. Böyük şəhərlərdəki şagirdlərlə kiçik yaşayış məntəqələri və kəndlərdə oxuyanlar arasında 100 baldan çox fərq qeydə alınıb.
Nazir bildirib ki, bu fərq daha çox məktəb mühiti ilə bağlıdır. Ailə gəlirlərinin şagird nailiyyətlərinə təsirinin Azərbaycanla müqayisədə bir çox İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində daha böyük olduğu vurğulanıb. Kiçik kənd məktəbləri isə yüksək ixtisaslı müəllimləri cəlb etməkdə çətinlik çəkir.
Problemin həlli üçün məktəb şəbəkəsinin optimallaşdırılması, çox kiçik məktəblərin birləşdirilməsi və keyfiyyətli təhsilə çıxışın yaxşılaşdırılması planlaşdırılır. Həmçinin təcrübəli müəllimlərin rəqəmsal texnologiyalar vasitəsilə kəndlərdəki şagirdlərə distant dəstək göstərməsi nəzərdə tutulur.
Emin Əmrullayev valideynlərin təhsildə iştirakını da vacib amil kimi qiymətləndirib. Onun sözlərinə görə, valideynlərin uşaqları ilə həftəlik olaraq dərsləri barədə söhbət etməsi şagirdlərin nəticələrinə müsbət təsir göstərir.
Növbəti PISA qiymətləndirmə dövrü 2029-cu ildə keçiriləcək. Nazir bildirib ki, həmin mərhələdə əsas diqqət Bakıdakı irəliləyişin ölçülməsindən ölkənin bütün regionları üzrə nəticələrin qiymətləndirilməsinə yönələcək. Prioritetlər sırasında regional fərqlərin azaldılması, oxu bacarıqlarının gücləndirilməsi, müəllimlərin keyfiyyəti, məktəb rəhbərliyi, rəqəmsallaşma və qiymətləndirmə sistemlərinin inkişafı yer alır.