İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin anım tədbiri keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.
Anım mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.
Çıxış edənlər İ.Mirzəyevin şərəfli həyat yolundan, vətənpərvər zabit kimi Vətənə qüsursuz xidmətindən, şücaət və igidliyindən danışıblar.
Ardınca şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb