Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Günü ilə əlaqədar minaların ağır humanitar fəsadlarının aradan qaldırılmasına sadiq olduğunu bir daha təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin rəsmi "X" sosial media hesabında xüsusi paylaşım edilib.
Paylaşımda Azərbaycanın mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələr sırasında qalmaqda davam etdiyi vurğulanıb. Qeyd olunub ki, minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqla yanaşı, yenidənqurma işlərinə və köçkünlərin təhlükəsiz qayıdışına böyük əngəl törədir.
XİN beynəlxalq ictimaiyyətə müraciət edərək, humanitar minatəmizləmə səylərinə və mina qurbanlarına göstərilən yardıma dəstəyi gücləndirməyə çağırıb: "Minasız gələcək davamlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün zəruridir".