Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası müqəddəs Ramazan ayının başlaması ilə bağlı rəsmi fətva verib. Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, bu il Azərbaycanda Ramazan ayının 1-i miladi təqvimlə 19 fevral tarixinə təsadüf edəcək.
Ramazan ayında hansı əməllər savab sayılır?
"Report"un məlumatına görə, fətvada bildirilir ki, Ramazanda Allahın kəlamlarını zikr etmək, elm-irfan və ibadətlə məşğul olmaq əsas şərtdir. Eyni zamanda, ehtiyacı olanlar üçün iftar süfrələri açmaq, xeyriyyəçilik etmək və kimsəsizlərə kömək göstərmək İlahi məqamda bəyənilən əməllərdəndir.
Xüsusilə uşaq evlərinə, ahıl və qocalara dəstək olmaq, valideynlərin qayğısına qalmaq və dünyasını dəyişənlərin ruhlarını yad etmək tövsiyə olunur.
Qazılar Şurası tövsiyə edir ki, duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin. Onların ruhlarına dualar oxunmalı, şəhid və qazi ailələrinə xüsusi qayğı və diqqət göstərilməlidir.
Din xadimlərinə xəbərdarlıq: İftardan əvvəl ehsan qadağası
Qazılar Şurası din xadimlərinin və yerlərdəki imamların nəzərinə çatdırıb ki, dindarlara Ramazanın vacibatları, qayda və qadağaları barədə ətraflı məlumat verilsin. Din xadimləri xütbələrində Vətən torpağının mübarəkliyi və şəhidlərimizin qəhrəmanlıqlarını təbliğ etməlidirlər.
Xüsusi vurğulanıb ki, Böyük Qarabağ Zəfərindən sonra dövlətimizin sülh quruculuğu və milli-mənəvi irsimizin dirçəldilməsi yönündəki səyləri dindarlara çatdırılmalıdır.
Həmçinin, din xadimlərinə ciddi xəbərdarlıq edilib: İftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır. Allahın hökmü və Peyğəmbərin (s) əmri ilə iftardan əvvəl ehsan adı ilə süfrə açılması şəri baxımdan haram əməldir. Din xadimləri bu qaydalara riayət olunmasına görə birbaşa məsuliyyət daşıyırlar.
Ramazan və Novruz bayramı üst-üstə düşərsə nə etməli?
Bu il Ramazan təqvimi Azərbaycan xalqının milli bayramı olan Novruz ilə üst-üstə düşür. Min illər boyu qeyd edilən Novruz torpağın oyanışını təcəssüm etdirir. Qurani-Kərimdə bu dirçəliş "Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir" şəklində izah olunur.
QMİ tövsiyə edir ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın. Bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevincini birlikdə yaşaya bilər. Zəfər dönəmini yaşayan Azərbaycanda bu iki bayramın üst-üstə düşməsi böyük müjdə hesab edilir.
Fitrə zəkatının məbləği və Bayram namazı tarixi
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları və imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Rəsmi təqvim İdarənin saytında (www.qafqazislam.com) yerləşdirilib. Təfriqə yarada biləcək kənar təqvimlərin istifadəsi qeyri-məqbuldur.
İnşallah, Ramazan bayramı Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 mart tarixinə təsadüf edəcək. Dəqiq tarix barədə Eydül-Fitr ərəfəsində əlahiddə məlumat veriləcək.
Bu il üçün Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub.
Dövlətçilik və Zəfər duaları
Fətvada suverenliyimizin bərpası və Böyük Qayıdış prosesinə xüsusi diqqət yetirilib. Qarabağda həyatın canlanması və məscidlərimizdə azan səslərinin ucalması naminə işlər görən dövlət başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dindarlar adından minnətdarlıq bildirilib.
Sonda Qazılar Şurası Azərbaycan xalqına, dövlətinə və ordusuna dualar edib. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilənib. Ramazan və Novruzun xalqımız üçün uğurlu olması arzulanıb.