İtaliyanın Baş naziri Giorgia Meloni Avropa İttifaqının Ukraynadakı müharibənin dayandırılması məqsədilə Rusiya ilə danışıqlarda vahid nümayəndə ilə çıxış etməsinin vacibliyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Meloni qeyd edib ki, kiçik qruplar və ayrı-ayrı formatlar bütün Aİ-ni təmsil etmək üçün kifayət qədər legitimliyə malik deyil və bu səbəbdən ümumi mövqeni ifadə edəcək bir şəxsin təyin olunması zəruridir.
O vurğulayıb ki, Avropa münaqişəyə son qoymaq üçün Rusiya ilə dialoq aparmalı, lakin bu proses vahid və koordinasiyalı şəkildə həyata keçirilməlidir.
İyunun 7-də Britaniya, Fransa və Almaniya liderləri – “Avropa Üçlüyü” kimi tanınan qeyri-rəsmi təhlükəsizlik formatı çərçivəsində – Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək Kiyevin Rusiya ilə atəşkəs danışıqları təşəbbüsünü dəstəklədiklərini açıqlamışdılar.
Meloni əlavə edib ki, sülh prosesinin irəliləməsi Avropa İttifaqı və ABŞ arasında daha sıx koordinasiya tələb edir və bu, çətin olsa da, zəruri bir addımdır.
Gələn həftə keçiriləcək Avropa Şurası sammiti və G7 liderlərinin görüşü ərəfəsində çıxış edən İtaliya Baş naziri, Avropanın mövqeyini təmsil edə biləcək “etimad qazanmış nüfuzlu nümayəndə” ideyasını bir daha gündəmə gətirib.