Çexiyalı tennisçi Marketa Vondrouşova dördillik diskvalifikasiyanın gündəlik həyatına və karyerasına təsirindən danışıb. 2023-cü ildə Uimbldonda çempion olan idmançı sosial şəbəkədə yazıb ki, cəza müddətində turnirlərdə iştirak edə, tennis klubunda məşq edə və klubun bazalarından istifadə edə bilmir.
Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) Vondrouşovanı 2025-ci ilin dekabrında yarışdan kənar dopinq testi üçün evinə gələn əməkdaşın içəri daxil olmasına imkan verməməkdə ittiham edib. Tennisçi iyunda dörd il müddətinə diskvalifikasiya olunub.
Vondrouşovanın sözlərinə görə, cəza onun şəxsi həyatına da təsir edir. Tennisçi dostlarının oyunlarına gedə və peşəkar tennisçi olan sevgilisini turnirlərdə tribunadan dəstəkləyə bilmir. O, sevgilisi yarışarkən otel otağından matçları izlədiyini, diskvalifikasiyadan sonra onunla getdiyi ilk turnirdə ağladığını bildirib.
İdmançı diskvalifikasiya dövründə də olduğu yer barədə məlumat verməli və hər gün test üçün bir saatlıq vaxt aralığı ayırmalıdır. O, mütəmadi dopinq testlərindən keçdiyini, indiyədək bütün nəticələrin mənfi olduğunu qeyd edib. Vondrouşova əlavə edib ki, növbəti mənfi test onun vəziyyətini dəyişmir.
Tennisçi özü barədə “dopinqçi” deyilməsinin və onun guya marixuana çəkdiyi barədə söz-söhbətlərin ağır olduğunu bildirib. Vondrouşovanın fikrincə, dördillik diskvalifikasiya təkcə tennis oynamaq imkanından məhrum olmaq deyil, həyatın müxtəlif sahələrinə təsir edən cəzadır.