Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayevin siyasi və ictimai fəaliyyəti son günlər yenidən gündəmə gəlib. Sentyabrın 24-də onun Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədrliyindən istefa verdiyi açıqlanıb. Oktyabrın 1-də isə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəzənfər Abdullayevin mandatından məhrum edilməsi onun öz ərizəsi əsasında həyata keçirilib. MSK müraciəti qanunvericiliyə uyğun araşdırıb və mandatdan məhrum edilmə üçün qanuni əsasın olduğunu müəyyənləşdirib.
Bəs son illərdə müxtəlif vəzifələrdə çalışan Qəzənfər Abdullayev kimdir və onun karyerası necə inkişaf edib?
Qarovulçuluqdan həmkarlar ittifaqının sədrliyinə
Qəzənfər İsmayıl oğlu Abdullayev 26 may 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub.
1989-1998-ci illərdə Bənəniyar kənd orta məktəbində, 2000-ci ildə isə Naxçıvan şəhərində N.Tusi adına 9 saylı orta məktəbdə təhsil alıb.
Onun əmək fəaliyyətinin ilk mərhələlərindən biri Naxçıvan Muxtar Respublikası Terminal-MMC-də qarovulçu kimi çalışması olub.
2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetində mühasibat uçotu və audit ixtisası üzrə ali təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
2005-2006-cı illərdə hərbi xidmətdə olub.
Daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mühasib kimi çalışıb.

Həmkarlar İttifaqları Şurasında yüksəliş
Qəzənfər Abdullayev 2010-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.
2021-ci ildə “Həmkarlar ittifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub.
2023-cü ilin mart-may aylarında Şurada katib və Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifələrini tutub.
18 may 2023-cü ildə isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının II Məclisinin qərarı ilə Şuranın sədri seçilib.
Bundan sonra onun ictimai fəaliyyət dairəsi daha da genişlənib.
31 iyul 2023-cü ildə Naxçıvan Futbol Federasiyasının sədri seçilib. Həmin ilin sentyabrından isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini vəzifəsini tutub.
Deputatlıq fəaliyyəti də başa çatdı
Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 39 saylı Bənəniyar seçki dairəsindən deputat seçilmişdi.
Lakin sentyabrın 24-də Həmkarlar İttifaqları Şurasının sədrliyindən istefa verdikdən bir həftə sonra onun deputat mandatı ilə bağlı da qərar qəbul edildi.
Naxçıvan MSK-nın oktyabrın 1-də keçirilən iclasında Abdullayevin mandatdan məhrum edilməsi barədə ərizəsinə baxılıb və onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul olunub.
İstefadan əvvəl mətbuatda əmlakları ilə bağlı məlumatlar yayılmışdı
Qəzənfər Abdullayevin istefasından əvvəl onun əmlakları ilə bağlı müxtəlif media materialları yayımlanıb.
Həmin yazılarda onun adına və ya istifadəsində olduğu iddia edilən müxtəlif avtomobillər, Naxçıvan və Bakıda mənzillər, fərdi yaşayış evi və kommersiya obyektlərinin olduğu bildirilib.
Mətbuatda yayılan siyahılarda “Toyota Land Cruiser”, “Mercedes-Benz S-Class”, “Mitsubishi L200” və “Chevrolet Malibu” markalı avtomobillərin, Naxçıvan və Bakı şəhərlərində mənzillərin, həmçinin “Moon” və “Zümrüd” adlı iaşə obyektlərinin adı çəkilib.
Qeyd edək ki, bu məlumatlar ayrı-ayrı media materiallarında yayılan iddialardır və sadalanan əmlakların Qəzənfər Abdullayevə məxsusluğu barədə burada ayrıca rəsmi təsdiqlənmiş məlumat təqdim edilmir.

İstefanın səbəbi ilə bağlı nə açıqlanıb?
Qəzənfər Abdullayevin sentyabrın 24-də Həmkarlar İttifaqları Şurasının sədrliyindən istefa verdiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsdiqlənib.
Konfederasiyanın yaydığı məlumata görə, Abdullayev səhhətində yaranmış problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib. Onun istefa ərizəsinə oktyabrın 8-də baxılacağı bildirilmişdi.
Beləliklə, bir neçə gün ərzində Qəzənfər Abdullayevin həm Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri postundan istefası rəsmiləşib, həm də deputat mandatına xitam verilib.
Onun Naxçıvan Futbol Federasiyasının sədrliyi ilə bağlı gələcək statusu barədə isə hazırda ayrıca rəsmi qərar açıqlanmayıb.