Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Fransa artıq Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrində daimi hərbi bazalar qurmaq niyyətində deyil.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Fransa lideri bu barədə Nayrobidə keçirilən Afrika İrəli Sammiti çərçivəsində bildirib.
Makronun sözlərinə görə, Paris bundan sonra əsas diqqəti yerli orduların təliminə və onların hərbi potensialının gücləndirilməsinə yönəldəcək, yalnız zəruri hallarda müdaxilə edəcək.
O qeyd edib ki, böyük hərbi bazaların saxlanılması artıq bir sıra regionlarda “neokolonialist yanaşma” kimi qəbul edilir və bu səbəbdən mövcud strategiya dəyişdirilir.
Fransa Prezidenti bildirib ki, ölkəsi bəzi dövlətlərin ordularını hazırlayır, onları təchiz edir və müdafiə strukturlarının gücləndirilməsinə yardım göstərir.
Makron əlavə edib ki, Fransa Sahel bölgəsində — Sahel regionunda yerləşən Mali, Burkina Faso və Niger kimi ölkələrdə baş verən siyasi dəyişikliklərdən sonra hərbi mövcudluğunu yenidən nəzərdən keçirib və qoşunlarını geri çəkib.
Onun sözlərinə görə, bu addım “məcburi deyil, mövcud vəziyyətə uyğun məntiqi qərar” olub.
Sammitdə süni intellekt, ərzaq təhlükəsizliyi, səhiyyə, iqlim dəyişiklikləri və beynəlxalq maliyyə islahatları kimi qlobal mövzular müzakirə olunur.