Almaniyada dəmir yolu şəbəkəsində baş verən texniki nasazlıq səbəbindən ölkə üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın milli dəmir yolu şirkəti olan "Deutsche Bahn" məlumat yayıb.
Məlumata görə, hadisəyə makinistlər ilə hərəkət idarəetmə mərkəzləri arasında əlaqəni təmin edən "GSM-R" rəqəmsal rabitə şəbəkəsində yaranan nasazlıq səbəb olub. Problemlə əlaqədar olaraq Almaniya ərazisində fəaliyyət göstərən bütün qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Bildirilib ki, nasazlıq şəhərlərarası sürət qatarları ilə yanaşı, regional dəmir yolu xətlərini və Berlin şəhərinin şəhərətrafı qatar şəbəkəsini (S-Bahn) də əhatə edib. Nəticədə minlərlə sərnişin stansiyalarda qalıb, bilet kassaları və məlumat mərkəzlərində uzun növbələr yaranıb.
Qeyd olunub ki, "Deutsche Bahn" mütəxəssislərinin təxminən iki saat yarım davam edən işi nəticəsində rabitə sistemindəki problem aradan qaldırılıb. Şirkət rəsmilərinin sözlərinə görə, sistem ehtiyat fövqəladə vəziyyət mexanizmləri vasitəsilə stabilləşdirilib və qatarların hərəkəti mərhələli şəkildə bərpa olunmağa başlayıb.
Məlumata əsasən, nasazlığın dəqiq səbəbi barədə hələlik ətraflı açıqlama verilməyib. Yaranmış vəziyyətlə əlaqədar olaraq yolda qalan sərnişinlərə taksi və otel kuponları təqdim olunub, bəzi stansiyalardakı gözləmə zalları isə onların istifadəsinə verilib.
Şirkət tərəfindən bildirilib ki, sistemin fəaliyyəti bərpa olunsa da, gün ərzində ölkə üzrə qatar reyslərində gecikmələr və ləğvlər müşahidə oluna bilər.