"Dünya nüvə silahlarını da əhatə edən, ağılsız silahlanma yarışına sürüklənir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"2026-cı ildə Böyük Vətən Müharibəsinin başlanmasının 85 illiyi tamam olur. Həmin vaxt ölkəyə böyük fəlakət gəlmişdi və SSRİ xalqları bunu misilsiz itkilər və məhrumiyyətlər bahasına dəf etmişdilər.
Biz görürük ki, bu gün beynəlxalq vəziyyət ölkəmiz üçün həmin çətin dövrə bənzəyir. Qərb tərəfindən məqsədli şəkildə hərbi isteriya qızışdırılır, NATO ölkələrinin hərbi büdcələri fasiləsiz artır, Avropanın, xüsusilə də qərbdəki qonşularımızın sürətli militarizasiyası baş verir”, – o bildirib.
Lukaşenko qeyd edib ki, əvvəllər ümumavropa təhlükəsizliyini təmin edən çəkindirmə və tarazlıq sistemi dağıdılıb.
“Dünya növbəti ağılsız silahlanma yarışına sürüklənir. O cümlədən nüvə silahları sahəsində. Planetdə yaşayan bütün xoş niyyətli insanların əsas vəzifəsi yeni dünya müharibəsinin qarşısını almaq üçün mümkün və qeyri-mümkün olan hər şeyi etməkdir. Biz bunu etmişik və edəcəyik, çünki zamanın tələbi budur. Əsas arqumentlərimiz xalqın birliyi, güclü ordu, yüksək mənəvi ruh, əsgər və zabitlərimizin, bütün güc strukturlarının hazırlığı olmalıdır".
Bundan əlavə, o, ölkənin müdafiə qabiliyyətinin daim möhkəmləndirilməsinin və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğulayıb.