"Liverpool" klubu macarıstanlı yarımmüdafiəçisi Dominik Soboslainin gələcəyi ilə bağlı yekun qərarını verib.
"Operativ Məlumat Mərkəzi-OMM" "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu yay transfer pəncərəsində komandanı tərk etməyəcək.
Məlumata görə, "Liverpool" rəhbərliyi heyətdə aparılacaq yenilənmələrə baxmayaraq, Soboslaini satmaq niyyətində deyil.
Hazırda futbolçu ilə "Real", "Barcelona", "Bayern" və PSJ kimi nəhəng klublar yaxından maraqlanır. Buna baxmayaraq, İngiltərə təmsilçisi oyunçunu komandada saxlamaqda qərarlıdır.
Klubun yaxın vaxtlarda futbolçu ilə mövcud müqaviləni uzatmaq üçün danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, 2025/26 mövsümündə "Liverpool"un heyətində bütün turnirlər daxil olmaqla 53 matça çıxan Soboslai 13 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.