Qırğızıstanda vəfat edən şəxslərin cəsədlərinin kremasiya yolu ilə yandırılması qadağan edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ölkə Prezidenti Sadır Japarov tərəfindən imzalanan qanunda qeyd olunur ki, məqsəd dəfn işi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, ritual fəaliyyətlərlə bioloji obyektlərlə bağlı sanitariya-texniki tədbirlərin bir-birindən ayrılmasıdır.
Yeni qanuna əsasən, mərhumun cəsədinin yandırılması yolu ilə dəfn edilməsinə (kremasiya) icazə verən müddəalar ləğv edilir.
Sənəddə bildirilib ki, bundan sonra krematoriyalardan vəfat etmiş insanların cəsədlərinin, abort nəticəsində alınmış və ya ölü doğulmuş insan dölünün yandırılması üçün istifadəsi qadağan olunur.
İstisna olaraq yalnız tibbi fəaliyyət nəticəsində yaranan insan orqanları və toxumalarının sanitariya məqsədilə termiki məhv edilməsinə icazə veriləcək.
Qanun həmçinin mərhumun külü olan qabların (urnaların) dəfn edilməsinə və yenidən dəfninə icazə verən müddəaları da aradan qaldırır.