"Telegram" platforması istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədilə növbəti genişmiqyaslı yenilənməsini təqdim edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni funksiyalar arasında botlar üçün genişləndirilmiş mətn formatlaması, süni intellekt (AI) əsaslı botların administrator kimi təyin edilməsi və sorğularda keçidlərdən istifadə imkanı yer alır.
Artıq botlar istifadəçilərə daha zəngin məzmunlu cavablar göndərə biləcəklər.
Yenilənmə ilə botlar cədvəllər, sitatlar, tapşırıq siyahıları və şəkillərin daxil edilməsi kimi müxtəlif formatlama üslublarından istifadə edə bilərlər.
Bundan əlavə, bir mesajın uzunluğu 32 768 simvola qədər artırılıb. Mətnin ilk 8000 simvolundan sonra isə "Daha çox göstər" düyməsi aktivləşəcək.
İstifadəçilər artıq süni intellekt əsaslı botları qruplara administrator təyin edə bilərlər. Bu botlar qrupa üzv olmaq istəyənlərin sorğularını emal etmək və qaydaları pozanları müəyyən edərək bloklamaq kimi vəzifələri yerinə yetirəcəklər. Məsələn, "Telegram" qeyd edir ki, AI-botlar yeni iştirakçıların qrupa daxil olmamışdan əvvəl müəyyən testlərdən (məsələn, IQ testi) keçməsini tələb edə bilərlər.
Brauzer və digər texniki yeniliklər
Platformanın daxili brauzeri artıq ".md" formatlı faylları dəstəkləyir və onları formatlanmış şəkildə nümayiş etdirir. Həmçinin, linklərə uzun basmaqla onları istənilən digər brauzerdə açmaq imkanı yaradılıb. Bununla yanaşı, "Android" və "iOS" cihazlarında istifadəçilər saytları "ağ siyahı"ya əlavə edərək, onların "Telegram" brauzerində necə açılacağını tənzimləyə bilərlər. Qeyd edək ki, "Telegram"ın daxili brauzeri baxış tarixçəsini yadda saxlamır.
Yeniliklər bununla bitmir: "Telegram" "Wear OS" və "Apple Watch" üçün tətbiqlərini yenidən istifadəyə verib. Beləliklə, ağıllı saat istifadəçiləri yenidən birbaşa biləklərindən messencerə çıxış əldə ediblər.