İran İslam Respublikası İsrailin Livanda Hizbullaha qarşı apardığı hərbi əməliyyatlarla əlaqədar ABŞ ilə vasitəçilər vasitəsilə həyata keçirdiyi mesaj mübadiləsini dondurub. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Tehranın mövqeyinə görə, Livan və Qəzzada hərbi əməliyyatlar dayandırılmayana qədər ABŞ ilə hər hansı danışıqların aparılması mümkün deyil. İran rəsmiləri İsrailin Hizbullaha qarşı hücumlarını 8 aprel tarixində ABŞ ilə əldə edilmiş atəşkəs razılaşmasının pozulması kimi dəyərləndirir.
Məlumata əsasən, Tehran bölgədəki vəziyyət normallaşmadan diplomatik təmasların bərpa olunmayacağını bəyan edib. Hələlik ABŞ tərəfi və ya vasitəçi ölkələr baş verənlərlə bağlı rəsmi şərh verməyib.