İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda və Bekaa vadisində Hizbullahın onlarla mövqeyinə hava zərbələri endirdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İMQ sözçüsü məlumat yayıb.
Açıqlamada bildirilib ki, əməliyyatlar radikal qruplaşmanın atəşkəsi dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib.
İsrail tərəfinin məlumatına görə, hücumlar zamanı ümumilikdə 80 hədəf vurulub, Hizbullahın bir sıra döyüşçüləri zərərsizləşdirilib.
Sözçü qeyd edib ki, son əməliyyatlar çərçivəsində Bekaa vadisində Hizbullah döyüşçülərinin fəaliyyət göstərdiyi iki komanda mərkəzinə də zərbə endirilib.
Bundan əlavə, Nəbatiyə bölgəsində və Livanın cənubundakı digər ərazilərdə komanda mərkəzləri, silah anbarları, raket buraxılış qurğuları və digər hərbi infrastruktur hədəfə alınıb.
İsrail ordusu əməliyyatların “təhlükəsizlik zonasının daxilində və xaricində” həyata keçirildiyini vurğulayıb.