İsrail Müdafiə Qüvvələrinin (SAXAL) tərkibindəki “Qolani” briqadasının hərbçiləri Livanın cənubunda yerləşən Bofor qalası üzərində İsrailin dövlət bayrağını və briqadanın rəmzini ucaldıblar. “The Times of Israel” nəşrinin İsrailin müdafiə naziri İsrael Katsın açıqlamasına istinadən yaydığı məlumata görə, bu addım 1982-ci ildə baş vermiş Bofor döyüşünün 44-cü ildönümü münasibətilə həyata keçirilib.
“Qolani” briqadası haqqında:
- 1948-ci ildə formalaşdırılan briqada İsrail ordusunun ən məşhur piyada birləşmələrindən biri sayılır.
Arnun kəndi yaxınlığındakı strateji yüksəklikdə yerləşən orta əsrlərə aid Bofor qalası uzun müddət regionun əsas hərbi məntəqələrindən biri olub. Müxtəlif dövrlərdə fələstinli silahlı qrupların nəzarətində olan qala, 1982-ci ildə İsrailin Livana hərbi müdaxiləsi nəticəsində İsrail qüvvələrinin əlinə keçmişdi. 2000-ci ildə İsrail ordusu Livanın cənubundan geri çəkilənə qədər Bofor ərazisi ölkənin yaratdığı təhlükəsizlik zonasının bir hissəsi kimi fəaliyyət göstərib.