İsrail parlamenti (Knesset) 2023-cü ilin 7 oktyabrında baş vermiş hücumlarda iştirak etməkdə təqsirləndirilən yüzlərlə fələstinlini mühakimə etmək üçün xüsusi hərbi tribunalın yaradılması barədə qanun qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qanunvericilərin sözlərinə görə, bu addım milli travmanın aradan qaldırılmasına yönəlib.
Qərar 120 deputatdan 93-nün səs çoxluğu ilə təsdiqlənib ki, bu da İsrail siyasətində nadir rast gəlinən partiyalararası razılaşma kimi qiymətləndirilir.
Fələstinin silahlı qruplaşması olan HƏMAS-ın elit döyüşçüləri tərəfindən həyata keçirilən hücum İsrail tarixində ən qanlı gün kimi yadda qalıb.
Rəsmi məlumatlara əsasən, həmin gün əksəriyyəti mülki şəxslər olmaqla 1200-dən çox insan həyatını itirib.
Buna cavab olaraq İsrailin Qəzzada başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində isə 72 mindən çox fələstinli həlak olub və ərazinin böyük hissəsi xarabalığa çevrilib.
Yeni qanuna əsasən, Qüdsdə üç hakimdən ibarət xüsusi hərbi məhkəmə yaradılacaq.
Bu məhkəmə hücum zamanı əsir götürülmüş və hələ də ittiham olunmayan 200-300 civarında şəxsi mühakimə edəcək.
Həmçinin, Qəzzada sonradan saxlanılan və ya girov götürmədə iştirakda şübhəli bilinən digər şəxslərin də bu tribunalda mühakiməsi gözlənilir. Proseslər ictimaiyyətə açıq olacaq və əsas dinləmələr canlı yayımlanacaq.
Hüquq ekspertləri hərbi məhkəmə mühitində ədalətli mühakimə prosesi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Bəzi mütəxəssislər hökumətin təminatlarına baxmayaraq, bu çərçivənin siyasiləşdirilmiş məhkəmə riski daşıdığını xəbərdar edirlər.
Qanun layihəsinin müəlliflərindən biri olan Yuliya Malinovski isə sənədi müdafiə edərək, məhkəmələrin ictimai emosiyalara deyil, qanuna əsaslanacağını vurğulayıb.
Qeyd etmək lazımdır ki, qanun müəyyən ittihamlar üçün ölüm cəzası ehtimalını da özündə ehtiva edir.
HƏMAS sözçüsü Hazem Qassem yeni tribunal qanununu pisləyərək, bunu İsrailin Qəzzadakı hərəkətlərini ört-basdır etmək cəhdi adlandırıb.
Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Qəzza müharibəsindəki davranışlarını araşdırır və Baş nazir Benyamin Netanyahu da daxil olmaqla, həm İsrail, həm də HƏMAS rəsmiləri barəsində həbs qərarları çıxarıb.