İsrail müdafiə naziri İrana sərt xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrailin "Kanal 14" televiziyası məlumat yayıb.
Məlumata görə, İsrailin müdafiə naziri İsrael Katz televiziya kanalına müsahibəsində İranla yaşanan gərginlik və regional təhlükəsizlik məsələlərindən danışıb. O bildirib ki, İranın İsrailə qarşı hər hansı hücum cəhdi ağır nəticələrə səbəb olacaq.
“Əgər İran İsrailə hücum edərsə, dağıdıcı zərbə ilə üzləşəcək və onlar bunu çox yaxşı bilirlər”, – deyə İsrael Katz bildirib.
Nazir həmçinin yerli medianı İsrail ordusunun əldə etdiyi hərbi uğurları kifayət qədər işıqlandırmamaqda ittiham edib. Onun sözlərinə görə, hökumət bu nəticələri ictimaiyyətə çatdırmağa davam edəcək.
Məlumatda qeyd olunur ki, İsrail təhlükəsizlik rəsmiləri ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırıldığı bildirilən genişmiqyaslı hərbi əməliyyatı ləğv etməsi ilə bağlı narazılıqlarını ifadə ediblər. İsrail mətbuatında ABŞ-nin İrana qarşı mümkün addımları müzakirə edilərkən, ölkənin müdafiə hazırlığının da ən yüksək səviyyəyə çatdırıldığı bildirilir.
Xatırladaq ki, Donald Tramp iyulun 31-də verdiyi açıqlamada ABŞ-nin İrana qarşı çox sərt tədbirlər görə biləcəyini və prosesin Vaşinqton üçün müsbət istiqamətdə irəlilədiyini bəyan etmişdi.