İranın Qanadakı səfirliyi ABŞ Prezidenti Donald Trampın İrana qarşı hava hücumlarının istiqamətini göstərən xəritə paylaşımına maraqlı formada cavab verib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, İran səfirliyi sosial şəbəkədə süni intellekt vasitəsilə hazırlanmış video yayımlayıb.
Məlumata görə, mayın 18-də Donald Tramp “Truth Social” platformasında ABŞ bayrağı üzərində qırmızı oxlarla İrana zərbələrin istiqamətini göstərən şəkil paylaşıb.
Buna cavab olaraq İranın Qanadakı səfirliyinin paylaşdığı videoda “Despicable Me” (“Mənim sevimli bədheybətim”) cizgi filminin məşhur əlaltıları ABŞ bayrağını yanğınsöndürmə şlanqı ilə yuyaraq yerinə arxa fonda kainat təsviri olan İran bayrağını asırlar.
Diplomatik nümayəndəliyin X sosial şəbəkəsində yayımladığı paylaşımda “Tramp bizim xəritəmizdə təhdidləri qeyd etdi. Biz isə qalaktikanı göstərdik” ifadələri yer alıb.
Paylaşım qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.