İran rəhbərliyi ölkəyə qarşı yönəlmiş hər hansı hərbi addımı tammiqyaslı müharibə elanı kimi qəbul edəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yüksək rütbəli İran rəsmisi anonimlik şərti ilə beynəlxalq media nümayəndələrinə məlumat verib.
Türkiyədə qanunsuz mərc və çirkli pulların yuyulmasına qarşı əməliyyat: 37 nəfər saxlanıldı
Rəsmi nümayəndə bildirib ki, hücumun xarakterindən asılı olmayaraq Tehranın reaksiyası qəti olacaq:
"Bu dəfə biz istənilən hücumu bizə qarşı yönəlmiş genişmiqyaslı müharibə kimi dəyərləndirəcəyik və ən sərt formada cavab verəcəyik".
O, həmçinin Tehranın hazırkı hərbi və strateji vəziyyətinin əvvəlki dövrlərlə müqayisədə daha əlverişli olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ hərbi gəmilərinin ehtiyat tədbiri olaraq İran istiqamətində hərəkət etdiyini bildirmişdi. Vaşinqton hərbi müdaxilə variantının masada olub-olmaması ilə bağlı sualları cavablandırarkən gələcəkdə nələrin baş verəcəyini proqnozlaşdırmağın çətin olduğunu qeyd edib.
Xatırladaq ki, İranda daxili vəziyyət ötən ilin dekabr ayının sonunda milli valyutanın kəskin dəyərdən düşməsi səbəbindən gərginləşmişdi. İqtisadi tələblərlə başlayan etirazlar sonradan siyasi iğtişaşlara çevrilmiş, ölkədə internetin kəsilməsi və insan itkiləri ilə müşayiət olunmuşdu. Rəsmi Tehran iğtişaşların təşkilində ABŞ və İsrail tərəfini ittiham edərək, yanvarın 12-də vəziyyətin tam nəzarətə götürüldüyünü elan edib.