İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki paylaşımında ABŞ ilə aparılan yeni nüvə danışıqlarını müsbət qiymətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, ötən cümə Omanın paytaxtı Maskatda baş tutan vasitəçilik görüşlərini irəliyə doğru addım adlandırıb.
Pezeşkian Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində uranın zənginləşdirilməsi hüququnu qoruyacağını vurğulayıb.
İran Prezident Administrasiyasının yaydığı rəsmi bəyanatda bildirilir ki, ölkənin nüvə məsələsindəki mövqeyi beynəlxalq hüquqa əsaslanır.
Xarici işlər naziri Abbas Əraqçı da Tehranın nüvə hüquqlarını bir daha xatırladaraq, ölkəsinin etimad mühitinin yaradılmasına hazır olduğunu bildirib. O qeyd edib ki, ABŞ lazımi ciddiyyət nümayiş etdirərsə, danışıqlar davam edəcək. Nazir hərbi təzyiqlərin İranın siyasi kursunu dəyişməyəcəyini vurğulayıb.
Əraqçı, həmçinin Omandakı görüşlər zamanı ABŞ nümayəndə heyətinin CENTCOM komandanının danışıqlarda iştirakı ilə bağlı təklifini rədd etdiyini və onunla əl sıxmaqdan imtina etdiyini açıqlayıb.
Jurnalistlərin ötən il danışıqların dayanmasına səbəb olan ABŞ tələbi barədə sualına nazir qısa olaraq "Sıfır zənginləşdirmə!" cavabını verib.
Məsələ ilə bağlı İran xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Kazem Qaribabadi də Çin və Rusiya nümayəndələri ilə görüşərək müzakirələr apardığını bildirib.