İran ABŞ ilə danışıqlar çərçivəsində Hörmüz boğazı ilə bağlı yeni təklif irəli sürüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, İran gəmilərin boğazın Oman hissəsindən sərbəst keçməsinə icazə verə bilər: “Tehran gəmilərin Oman sularında yerləşən dar boğazdan heç bir maneə olmadan keçidinə şərait yarada bilər”.
Lakin İranın mövqeyi ilə tanış olan mənbə bildirib ki, bu addım yalnız tərəflər arasında yekun razılaşma əldə ediləcəyi halda mümkün olacaq.
Mənbə həmçinin İranın boğazdakı bütün minaların təmizlənməsinə razılıq verib-verməyəcəyi və ya İsraillə əlaqəli gəmilər də daxil olmaqla bütün gəmilərin istisnasız keçidinə icazə verilib-verilməyəcəyi ilə bağlı dəqiq məlumat verməyib.
Qərb təhlükəsizlik mənbəsi isə agentliyə açıqlamasında qeyd edib ki, İranın Hörmüz boğazı ilə bağlı təklifi artıq hazırlanma mərhələsindədir. ABŞ-in bu təklifə cavab verib-vermədiyi isə hələlik məlum deyil.