İran gecə saatlarında bölgə ölkələrinə qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyinin "X" sosial media platformasındakı hesabında məlumat verilib.
Məlumata görə, paytaxt Manamadakı gəmiqayırma zavodunda təmir olunan xarici gəmiyə vurulmuş raketin qəlpələri düşüb.
Hadisə nəticəsində yanğın baş verib, bir asiyalı işçi həyatını itirib, iki nəfər isə ağır yaralanıb.
Dubay şəhərinin də hücumların hədəfi olduğu iddia edilir. Şahidlərin sözlərinə görə, səmada partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Küveyt ordusu mərkəzi hissələrdə aşkar edilən "düşmən hədəflərinin" məhv edildiyini açıqlayıb. Hadisə ilə bağlı Küveytin Ticarət və Sənaye Nazirliyi daxili bazarda sabitliyi qorumaq üçün bütün qida məhsullarının ixracını qadağan edib.
Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı "Victoria" logistika bazasına PUA hücumu cəhdi olub. Bir PUA zərərsizləşdirilib, digəri isə maddi ziyan vursa da, can itkisi qeydə alınmayıb.
Rəsmi məlumatlara görə, İran son iki gün ərzində ərəb ölkələrindəki hədəflərə ümumilikdə 1311 raket və PUA ilə hücum edib. Bu hücumlar İsrail və ABŞ-nin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlara cavab xarakteri daşıyır. İran Qırmızı Aypara Cəmiyyəti ölkəyə edilən bombardmanlar nəticəsində 201 nəfərin öldüyünü, 747 nəfərin yaralandığını bildirib.