"İran münaqişə bölgələrindəki problemlərin həlli üçün dialoqa və regional sabitliyə önəm verir, lakin milli maraqların qorunması naminə digər variantları da gündəmdə saxlayır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran hökumətinin sözçüsü Fatma Mühacirani bildirib.
“Biz müharibə təhdidi şəraitində xarici mətbuatda müharibə təbillərinin səsini eşidirik. Əlbəttə, bu təhdidlə ilk dəfə üzləşmirik. Daha əvvəl də çoxmərhələli bir müharibənin içində olduğumuzun fərqində idik. Prioritetimiz problemləri diplomatik yollarla həll etməkdir. Lakin digər seçimlər də gündəmimizdədir. Müharibəyə tam hazır vəziyyətdəyik. Prezidentin də qeyd etdiyi kimi, həyatını itirən hər kəs üçün yas tuturuq. 3 mindən çox insanın həlak olması az rəqəm deyil. Söhbət bir insan həyatından gedir. Təhlükəsizlik qüvvələrimizin vəhşicəsinə öldürüldüyünü də unutmuruq. Bu çətin günlər bizə yad deyil. Bu prosesdən xalqla dialoq quraraq və onların legitim etirazlarını tanıyaraq çıxmalı olduğumuzu düşünürük”, - o qeyd edib.
Hökumət olaraq etirazlara fərqli yanaşma sərgilədiklərini və dinc aksiyaların rəhbərləri ilə görüşlər keçirdiklərini bildirən Mühacirani bəzi universitetlərdə tələbələrə qarşı sərt mövqe tutan rəhbərlərin vəzifədən uzaqlaşdırıldığını qeyd edib.
O, həmçinin etirazlar və zorakılıq halları ilə bağlı araşdırmaların davam etdiyini və mövzuya dair hesabatların yaxın günlərdə dərc olunacağını bildirib.