İran ABŞ ilə birbaşa təmas olmadığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi Qətərdə keçirilən danışıqlar zamanı İran və ABŞ nümayəndələri arasında heç bir birbaşa görüşün baş tutmadığını bildirib.
Onun sözlərinə görə, görüşlər İran nümayəndə heyətinin Qətərin Baş naziri və Xarici işlər naziri ilə danışıqları ilə başlayıb. Daha sonra İran, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşlər keçirilib. Danışıqlar çərçivəsində anlaşma memorandumunun icrasına nəzarət edən monitorinq qrupunun ilk iclası da baş tutub.
Qəribabadi bildirib ki, İran tərəfi ABŞ-nin memorandumun müharibənin dayandırılmasını nəzərdə tutan birinci maddəsini pozduğunu iddia edib. O, həmçinin Vaşinqtonun regionda hərbi qüvvələrini artırması və amerikalı rəsmilərin bəyanatları ilə bağlı narahatlıqlarını qarşı tərəfin diqqətinə çatdırdıqlarını qeyd edib.
Məlumata görə, tərəflər monitorinq qrupu üçün təcili rabitə kanalının yaradılması və memorandumun icrası zamanı yaranan problemlərin rəsmi qaydada qeydə alınaraq müzakirə edilməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, görüşlər zamanı İran və Qətər rəsmiləri dondurulmuş 6 milyard dollar vəsaitin istifadəsini də müzakirə ediblər. Danışıqlar regionda gərginliyin artdığı bir vaxta təsadüf edib. İran son günlər ABŞ və İsraili atəşkəs öhdəliklərini pozmaqda ittiham edir.