İran İslam Respublikası ABŞ tərəfindən neft satışı ilə bağlı verilən lisenziyanın ləğv edilməsinə baxmayaraq, enerji ixracını dayandırmadığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın neft naziri Möhsün Paknejad bildirib ki, ABŞ-nin tətbiq etdiyi yeni məhdudiyyətlər ölkənin neft ixracına mane ola bilməyib.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti ilə əməliyyatlara icazə verən lisenziyanı geri çağırıb. Yeni qaydalara əsasən, yeni əməliyyatların həyata keçirilməsi qadağan edilib və əvvəl bağlanmış müqavilələrin iyulun 17-dək tamamlanması tələb olunub.
İran tərəfi isə bu qərarın ixrac prosesinə təsir etmədiyini bildirib. Möhsün Paknejad qeyd edib ki, 60 günlük icazənin ləğvinə baxmayaraq, neft ixracı əvvəlki qaydada davam edir.
Nazirin sözlərinə görə, Tehran sanksiyaların təsirini azaltmaq üçün xüsusi mexanizmlər yaradıb və bu sistem ABŞ-nin məhdudlaşdırıcı tədbirləri fonunda fəaliyyətini davam etdirir.
Qeyd olunur ki, İran və ABŞ arasında gərginlik son günlər daha da artıb. ABŞ qüvvələrinin İran ərazisində, Fars körfəzi və Hörmüz boğazı yaxınlığında hərbi obyektlərə zərbələr endirdiyi bildirilib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını açıqlayıb. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə birtərəfli razılaşmalar dövrünün bitdiyini bildirərək, ABŞ-ı atəşkəs şərtlərinə əməl etməməyin nəticələri barədə xəbərdar edib.