Milanın "İnter" klubu İngiltərənin "Liverpul" komandasının yarımmüdafiəçisi Kertis Consun transferi ilə bağlı işlərini sürətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" tanınmış insayder Nikolo Skiraya istinadən xəbər verir ki, tərəflər arasında növbəti birbaşa danışıqların gələn həftə keçirilməsi planlaşdırılır.
25 yaşlı ingilis futbolçu "neradzurrilər" üçün transfer siyahısında əsas hədəf olaraq qalır.
İtaliya nəhəngi artıq oyunçunun özü ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Əldə olunan razılığa əsasən, tərəflər arasında 2031-ci ilə qədər davam edəcək əməkdaşlıq nəzərdə tutulur.
Hazırda yeganə maneə "Liverpul" klubunun rəsmi razılığının alınmasıdır.
Kertis Cons peşəkar karyerasına məhz "Liverpul"da başlayıb və uzun müddətdir ki, bu komandanın şərəfini qoruyur. Ötən mövsüm ərzində o, "qırmızılar"ın heyətində 49 matçda meydana çıxıb. Yarımmüdafiəçi bu oyunlarda 3 qol vurmaqla yanaşı, həm də 3 məhsuldar ötürmə ilə yadda qalıb.