“Sevimli Azərbaycanımızın müstəqillik sevinci türk millətinin ortaq qürurudur!”
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri öz “X” hesabında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz yazıb.
Yılmaz daha sonra sözlərinə belə davam edib: “İki dövlət, bir millət” anlayışı ilə böyüyən qardaşlığımızla; biz ümumi hədəflər ətrafında birləşməklə gələcəyi birlikdə qururuq.
Azərbaycanın şanlı müstəqillik günündə müstəqillik uğrunda canlarından keçmiş bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi şükran hissi ilə yad edirik.
Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.”
***
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Əlamətdar bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Pakistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
Pakistan Azərbaycanla bütün vacib məsələlərdə qarşılıqlı etimada, nümunəvi səmimi münasibətlərə və bir-birinə qətiyyətli dəstəyə əsaslanan tarixən çox gözəl qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Məmnunluqla bildirmək istərdim ki, Sizin müstəsna liderliyiniz və güclü dəstəyiniz sayəsində dostluq münasibətlərimiz müsbət istiqamətdə inkişaf edir və biz onları daha geniş qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa çevirmək üçün birlikdə işləyirik.
Hindistanla yaşanan son böhran zamanı Pakistana davamlı dəstəyinizə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Pakistanla davamlı həmrəylik nümayiş etdirdiklərinə görə azərbaycanlı qardaşlarımıza da təşəkkür edirik. Həqiqətən əsl qardaşlar olaraq, xüsusilə də talelərimiz bir-birinə oxşar olduğu üçün qəlblərimiz həmişə bir döyünür. Mən yaxın günlərdə gözəl ölkənizə səfər edəcəyimi səbirsizliklə gözləyirəm.
Gözəl Bakı şəhərinə 2025-ci ilin fevralında səfərim zamanı ən səmimi və məhsuldar müzakirələrimizi böyük məmnunluqla xatırlayıram. Zati-alinizin Pakistan-Azərbaycan münasibətlərini daha da möhkəmləndirmək istiqamətində yenilməz qətiyyətini yüksək qiymətləndirirəm.
Əminəm ki, yüksək səviyyəli əməkdaşlıq dinamikası tezliklə qarşılıqlı maraq kəsb edən bütün sahələrdə nəzərəçarpacaq nəticələrin əldə olunmasına təkan verəcək, İnşallah! Mən ən qısa zamanda Sizi münasib vaxtda Pakistanda qarşılamağı səbirsizliklə gözləyirəm.
Zati-alinizə cansağlığı, uğurlar və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq diləyirəm.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm."
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, əziz Qardaşım.
Can Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını xalqım adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar bayramın ildönümündə Türkiyə kədərli və sevincli günlərdə hər zaman birlikdə olduğu Can Azərbaycanın həm regionda, həm də onun hüdudlarından kənarda əldə etdiyi nailiyyətlərdən qürur duyur və yüksək səviyyəli əlaqələrimizi “Bir millət, iki dövlət” ruhunda daha da möhkəmləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq hissi keçiririk. Qardaşlıq əlaqələrimizin və bənzərsiz əməkdaşlığımızın bizi ortaq inkişaf hədəflərimizə gündən-günə daha çox yaxınlaşdırdığını, ölkələrimizi daha da güclü və firavan etdiyini məmnuniyyətlə müşahidə edirəm.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Can Azərbaycanın Müstəqillik Gününü bir daha ürəkdən təbrik edirəm".
***
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ölkənizin firavanlığı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.
Serbiya Respublikası Azərbaycan Respublikası ilə ilk gündən qarşılıqlı etimada, ehtirama və hörmətə, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl şəkildə riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətinizi yüksək qiymətləndirirəm. Görüşümüzü səbirsizliklə gözləyirəm və fəxr edirəm ki, bizi dostluq münasibətləri ilə yanaşı, strateji tərəfdaşlıq da birləşdirir. Əminəm ki, Strateji Tərəfdaşlıq Şurasının qarşıdan gələn Birinci Sessiyası qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək, Serbiya Respublikasının bütövlüyünü qorumaq, Kosovo və Metoxiya məsələsini sülh yolu ilə və diplomatik vasitələrlə həll etmək istiqamətində səylərini prinsipial və qəti şəkildə dəstəklədiyiniz üçün Azərbaycan Respublikasına və şəxsən Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Zati-aliləri, əmin olun ki, Serbiya Respublikası da öz növbəsində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini davam etdirəcəkdir.
Möhtərəm cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizə bütün qəlbimlə ölkənizin daha da sürətlə inkişaf etməsini və firavanlaşmasını, həmçinin rəhbərliyinizlə xalqınızın xeyirxah məqsəd və istəklərinə nail olmasını arzulayıram.
Qətiyyətlə inanıram ki, Qazaxıstan və Azərbaycan arasında yaradılmış möhkəm dostluq və əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə səmərəli şəkildə möhkəmlənəcək və inkişaf edəcəkdir. Ümidvaram ki, aramızda yaranmış qarşılıqlı hörmət hələ uzun illər davam edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və xoşbəxtlik diləyirəm".
***
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.
Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm".
***
İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İndoneziya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram. Bu əlamətdar gün Azərbaycanın tarixində xalqın qətiyyətini, birliyini və arzularını əks etdirən qürurverici bir səhifədir.
İcazə verin, bu tarixi gündə İndoneziya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğumu bildirim. Əminəm ki, Zati-alinizin rəhbərliyi ilə ölkələrimiz enerji, ticarət, investisiya, təhsil, mədəniyyət və insanlar arasında mübadilə kimi sahələrdə əməkdaşlığın yeni yollarını araşdıraraq tərəfdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcək. Əməkdaşlıq ruhu, həmçinin qlobal sülh, sabitlik və davamlı inkişaf kimi ümumi məqsədlərimizi dəstəkləməkdə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq, firavanlıq və rifah arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".