İndoneziyanın Halmahera adasında yerləşən Dukono vulkanının püskürməsi qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Asiya respublikasının Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.
Məlumata görə, kül vulkanın kraterindən təxminən 3400 metr hündürlüyə qalxaraq dəniz səviyyəsindən 4487 metr yüksəkliyə çatıb. Ağ və boz külün şimal-qərb istiqamətində yayıldığı bildirilir.
Vulkanologiya mərkəzi yerli sakinləri və turistləri kraterdən 4 kilometr radiusda uzaq durmağa və tənəffüs yollarını qorumaq üçün maskalardan istifadə etməyə çağırıb.
Qeyd edək ki, mayın 8-də Dukono vulkanının püskürməsi nəticəsində azı iki nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.
İndoneziya Sakit okean və Avstraliya tektonik plitələrinin qovşağında yerləşdiyi üçün yüksək seysmik aktivlik zonası hesab olunur. Ölkədə 500-dən çox vulkan mövcuddur ki, onların təxminən 130-u aktivdir.