Hindistan 30 il əvvəl Everestdə həlak olan alpinistin cənazəsini götürməyə hazırlaşır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Hindistanın Hind-Tibet Sərhəd Polisi (ITBP) 1996-cı ildə Everest zirvəsinə yürüş zamanı həlak olan alpinist Dorje Morupun cənazəsinin geri qaytarılması üçün hazırlıqlara başlayıb.
Məlumata görə, yüksək dağlıq ərazilərdə xilasetmə üzrə ixtisaslaşmış mütəxəssislərlə danışıqlar artıq aparılır. Alpinistlər arasında ayağındakı yaşıl rəngli botlara görə “Yaşıl Botlar” (Green Boots) kimi tanınan Dorje Morupun qalıqları Everestin 8 min metrdən yüksəkdə yerləşən və “ölüm zonası” adlandırılan hissəsində qalır.
Bildirilir ki, cənazə dağın Tibet tərəfində, Çin hakimiyyətinin nəzarətində olan ərazidə yerləşdiyindən onun götürülməsi üçün Pekinin rəsmi icazəsi və əlverişli hava şəraiti tələb olunur.
Məlumata görə, Çin 2026-cı ilin yaz mövsümündə Everestin Tibet marşrutunu xarici alpinistlərin üzünə bağlayıb və məsələ ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.
Qeyd edək ki, 1996-cı ilin mayında Hind-Tibet Sərhəd Polisinin altı nəfərlik ekspedisiyası zirvəyə yaxın ərazidə güclü qar fırtınasına məruz qalmış, Dorje Morup və daha iki alpinist həyatını itirmişdi.