Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat dərc olunub.
Mükafata layiq görülən şəxslər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də adı yer alıb.
Bildirilib ki, Prezident İlham Əliyev Qafqazda onilliklər ərzində davam edən münaqişə və humanitar əzablara son qoyan mühüm siyasi prosesə – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına verdiyi töhfəyə görə mükafata layiq görülüb.
Qeyd olunur ki, 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən müəyyən edilib.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və mükafatın baş katibi Məhəmməd Əbdülsəlam bildirib ki, bu il komitə Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan tarixi sülh sazişini xüsusi olaraq qiymətləndirib. Onun sözlərinə görə, bu sənəd mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi missiyasını tam şəkildə əks etdirir və qlobal sülhün inkişafı baxımından mühüm mərhələ hesab olunur.
Məlumata əsasən, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimi fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.