Parlamentin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri Givi Mikanadze bildirib ki, Gürcüstan parlamentinin may ayında qəbul etdiyi xarici agent qanunu bir neçə həftə ərzində qüvvəyə minəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Qeyd etmək istərdim ki, qanun hələ qüvvəyə minməyib. Qanun bir neçə həftədən sonra qüvvəyə minəcək, ona görə də işlərin necə getdiyini görəcəyik", - o, brifinqdə qeyd edib.
İyun ayında ölkə prezidentinin əvəzinə qanunu imzalayan Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili demişdi ki, Ədliyyə Nazirliyi lazımi qaydaları hazırlamaq və təşkilatların qeydiyyatdan keçməsi üçün internet saytını işə salmaq üçün 60 gün vaxt verib.
Bu həyata keçirildikdən sonra qanunun əhatə etdiyi bütün qeyri-hökumət təşkilatları və media qurumları xarici nümayəndələr siyahısında qeydiyyatdan keçməli və 2023-cü il üçün maliyyə hesabatlarını dərc etməli olacaqlar.
Qanun maliyyəsinin 20%-dən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatlarına və media qurumlarına şamil edilir. Onlardan hər yanvar ayında Ədliyyə Departamentinə gəlir və xərc hesabatı təqdim etmələri tələb olunacaq. Bunun yerinə yetirilməməsi 25 min gürcü larisi (9100 dollardan çox) məbləğində cərimə ilə nəticələnəcək. Cərimədən sonra sənədlər təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 000 lari (7300 dollardan çox) rüsum tutulacaq.