Fransa Xarici İşlər Nazirliyi İsrailin Fələstin torpaqlarındakı məskunlaşma siyasətinin genişlənməsi ilə bağlı narahatlığını ifadə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin yaydığı rəsmi bəyanatda bildirilib.
Qeyd olunub ki, İordan çayının qərb sahili, Şərqi Qüds və Qolan təpələri 1967-ci ildən etibarən İsrailin işğalı altında olan ərazilər kimi göstərilir. Parisin mövqeyinə görə, bu bölgələrdə aparılan məskunlaşma fəaliyyəti beynəlxalq hüquqa ziddir və iki dövlətli həll modelinin həyata keçirilməsi üçün ciddi maneə yaradır.
Bildirilib ki, Fransa Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərə və biznes subyektlərinə xəbərdarlıq edib. Sənəddə qeyd olunur ki, həmin ərazilərin resurslarından istifadə edən və ya məskunlaşma layihələrində iştirak edən şirkətlər beynəlxalq hüququn pozulmasında iştirakçı hesab oluna bilər.
Məlumata görə, nazirlik bu cür fəaliyyətlərin həm hüquqi, həm iqtisadi, həm də reputasiya baxımından ciddi risklər yaratdığını vurğulayıb.
Qeyd edilib ki, beynəlxalq hüquqa əsasən İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının qərb sahili gələcək Fələstin dövlətinin ərazisi hesab olunur və bu ərazilərdə işğalçı qüvvə statusu daşıyır.
Bildirilib ki, beynəlxalq konvensiyalar işğalçı tərəfin öz əhalisini işğal etdiyi ərazilərə köçürməsini və ərazi statusunu dəyişdirməsini qadağan edir. Buna baxmayaraq, son illərdə İsrailin bu ərazilərdə yeni yaşayış məntəqələrinin salınması və mövcudların genişləndirilməsi istiqamətində fəaliyyətini artırdığı qeyd olunur.