Fransa və İran arasında diplomatik gərginlik daha da kəskinləşib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Fransa hökuməti Tehrandakı səfirliyinin iki əməkdaşına qarşı törədilən “qəsdən hücum” və təzyiqlərə cavab olaraq iki iranlı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro “X” sosial şəbəkəsində bildirib ki, diplomatların ölkədən çıxarılması yaxın gələcəkdə həyata keçiriləcək. Nazir iyulun 19-da baş verən insidenti “dözülməz” adlandıraraq, hadisənin nəticəsiz qala bilməyəcəyini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai isə Fransanın mövqeyini qəbul etməyib.
Onun sözlərinə görə, Fransa səfirliyinin iki əməkdaşı “Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası”nı pozub. Tehran həmin diplomatları “persona non grata” elan edərək, onların ölkəyə girişinə qadağa qoyub.
İran tərəfi fransız diplomatları ölkənin daxili işlərinə müdaxilə etməkdə və vətəndaş cəmiyyətini dəstəkləyən fəaliyyətlər həyata keçirməkdə ittiham edib.
Fransa isə Tehranın bu ittihamlarını rədd edib. Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavre İran hakimiyyətinin diplomatlara qarşı hərəkətlərinə bəraət qazandırmaq üçün “yalan və uydurma” iddialar irəli sürdüyünü bildirib.
Məlumata görə, iyul ayında İranın təhlükəsizlik qüvvələri Fransa səfirliyinin iki əməkdaşını saxlayıb və onlara qarşı fiziki təzyiq göstərib.
Hadisədən sonra Fransa İranın Parisdəki müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib.
Avropa İttifaqı da insidenti pisləyərək, onsuz da gərgin olan Paris-Tehran münasibətləri fonunda İrana təzyiqləri artırıb.