Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində yerləşən gül mağazasında partlayışla müşayiət olunan yanğın baş verib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 18 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mağazada partlayışın baş verdiyi təsdiqlənib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 38 kv.m. olan mağazanın yanar konstruksiyaları yararsız hala düşüb.
Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.