Avropa İttifaqı (Aİ) və Ukrayna arasında pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və təchizatı üzrə yeni əməkdaşlıq sazişi imzalanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevdə çıxışı zamanı məlumat verib.
Fon der Lyayen bildirib ki, imzalanan sənəd tərəflər arasında müdafiə sənayesi sahəsində yeni tərəfdaşlığın əsasını qoyur. Onun sözlərinə görə, söhbət dronların istehsalı və təchizatını əhatə edən xüsusi əməkdaşlıq sazişindən gedir.
Avropa Komissiyasının sədri vurğulayıb ki, Avropanın sənaye potensialı pilotsuz uçuş aparatlarının istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir və bu istiqamətdə əməkdaşlıq daha da genişləndiriləcək.
Məlumata görə, Ukrayna daha əvvəl də ayrı-ayrı Avropa ölkələri ilə PUA istehsalı sahəsində ikitərəfli sazişlər imzalayıb. Yeni razılaşma isə əməkdaşlığı Avropa İttifaqı səviyyəsinə yüksəldir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ölkəsində ildə təxminən 10 milyon pilotsuz uçuş aparatının istehsal olunduğunu açıqlamışdı. Kiyev yaxın perspektivdə bu göstəricini 20 milyon ədədə çatdırmağı hədəfləyir.