Avropa İttifaqı Çinə olan iqtisadi asılılığını azaltmaq məqsədilə Avropa şirkətlərinin kritik hissələri ən azı 3 fərqli təchizatçıdan almasını məcburi edəcək yeni qaydalar hazırlayır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Politico" məlumat yayıb.
Bildirilib ki, Aİ Komissiyası aidiyyəti qurumlara Çinə qarşı daha iddialı və təsirli ticarət müdafiə siyasəti hazırlamaq tapşırığı verib.
Bu çərçivədə Aİ Çindən asılılığı azaltmaq və ucuz idxalın sənaye üzərində yaratdığı təzyiqdən qorunmaq üçün yeni tədbirlər üzərində işləyir.
Variantlar arasında yerli sənayeni qorumaq məqsədilə idxal məhsullarına qarşı mühafizə tədbirləri araşdırmaları tətbiq olunacaq yeni sektorların müəyyən edilməsi də var.
Aİ daha əvvəl polad və dəmir sektorlarında bu tədbirləri tətbiq etmişdi. Bu araşdırmalar zamanı idxalın yerli sənayeyə zərər verib-vermədiyi müəyyən olunur və nəticədə tarif və kvotaların tətbiqi mümkün olur.
Plan çərçivəsində, dövlət tərəfindən dəstəklənən şirkətlərin strateji sektorlarda həddindən artıq istehsal edərək rəqabəti pozmasına qarşı artıq tutum aləti adlı yeni mexanizm üzərində də iş aparılır.
Lakin belə bir mexanizmin Dünya Ticarət Təşkilatı qaydalarına zidd ola biləcəyi və tək bir ölkəyə qarşı ayrı-seçkiliyi qadağan edən tənzimləmələrlə toqquşa biləcəyi bildirilir.
Digər tərəfdən, "Financial Times" qəzetində yayımlanan xəbərə görə, Aİ Çindən asılılığı azaltmaq məqsədilə Avropa şirkətlərini kritik hissələri ən azı 3 fərqli təchizatçıdan almağa məcbur edəcək planlar hazırlayır.
Çinin kritik texnologiyalara yönəlik ixrac məhdudiyyətlərinə cavab olaraq hazırlanan qaydaların xüsusilə kimya və sənaye avadanlıqları istehsalçılarını hədəf alacağı gözlənilir. Bu çərçivədə şirkətlərin tək bir təchizatçıdan ala biləcəyi məhsul miqdarına 30–40 faiz arasında yuxarı hədd qoyulması nəzərdə tutulur.
Planlar əvvəlcə 29 mayda Aİ Komissiyası üzvləri arasında keçiriləcək daxili iclasda, daha sonra isə 18 iyunda Brüsseldə keçiriləcək Aİ Liderlər Zirvəsində müzakirə olunacaq.
Aİ Rusiya-Ukrayna müharibəsindən sonra enerji sahəsində yaşadığı asılılıq böhranının bənzərini Çinlə sənaye və kritik xammal sahəsində yaşamaqdan ehtiyat edir.
Son dövrlərdə Çinin nadir torpaq elementləri, maqnitlər və bəzi strateji məhsullar üzrə ixrac məhdudiyyətləri tətbiq etməsi Avropa sənayesində ciddi təchizat narahatlığı yaradıb.
Brüssel hesab edir ki, dövlət dəstəyi ilə ucuz qiymətə ixrac olunan Çin məhsulları xüsusilə polad, avtomobil, kimya və təmiz texnologiya sektorlarında Avropa istehsalçılarına təzyiq göstərir.
Həmçinin, Aİ-nin Çinlə ticarət kəsiri 2025-ci ildə təxminən 360 milyard avroya yüksəlib və bir çox Avropa sənaye sektorunda istehsal itkisi və məşğulluğun azalması müşahidə olunur.