Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan “Məkkə Müdafiə Sazişi”nin regional və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ərdoğan “Al Jazeera” telekanalına müsahibəsində sazişin dünya sülhünə mühüm mesaj verdiyini və tərəflərin mümkün təhlükələr qarşısında birgə addım atmaq iradəsini ortaya qoyduğunu deyib.
Türkiyə lideri sazişin NATO-nun 5-ci maddəsinə bənzər müdafiə mexanizmini ehtiva etdiyini və digər ölkələrin də bu əməkdaşlıq formatına qoşulmasına açıq olduqlarını qeyd edib.
Suriya ilə münasibətlərə toxunan Ərdoğan Ankara ilə Dəməşq arasında dövlət mexanizmlərinin effektiv əməkdaşlıq etdiyini bildirib. O, Suriyanın sabitliyinin Türkiyə üçün prioritet olduğunu vurğulayaraq, yaxın gələcəkdə Dəməşqə səfər edəcəyini açıqlayıb.
İsrailin regiondakı siyasətini də tənqid edən Ərdoğan Qəzza və Livana qarşı hücumların dayandırılmasının vacibliyini qeyd edib. O, Türkiyənin sülhün tərəfdarı olduğunu, İsrailin isə bölgədə gərginliyi artırdığını bildirib.
“Qəzzanı biz özbaşına buraxa bilmərik. İsrailin saldırgan tutumu davam etdiyi müddətdə biz də öz xəbərdarlıqlarımızı etməyə davam edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
ABŞ ilə münasibətlərə də toxunan Türkiyə Prezidenti “F-35” proqramı ilə bağlı verilən vədlərin yerinə yetirilməsini gözlədiklərini bildirib.
Rusiya ilə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Ərdoğan Avropa İttifaqına münasibətdə isə Türkiyə üçün Aİ üzvlüyünün artıq prioritet olmadığını deyib.
“Aİ-yə daim deyirik, itirən siz olarsınız, Türkiyə yox”, - deyə Türkiyə Prezidenti əlavə edib.