Ukraynanın "Naftogaz" şirkətinin verdiyi məlumata görə, ölkənin Poltava və Sumi vilayətlərində neft-qaz infrastrukturu obyektlərinə ciddi ziyan dəyib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, şirkət rəhbəri Sergey Koretski bildirib ki, hücumlar nəticəsində avadanlıqların bir hissəsi sıradan çıxıb və dağıntılar qeydə alınıb.
Məlumata görə, Poltava vilayətində istehsalat sahələri, Sumi vilayətində isə şirkətin müəssisələri hədəf alınıb.
Eyni zamanda, "Ukrenergo" şirkəti Kiyevin nəzarəti altında olan ərazilərdəki bütün atom elektrik stansiyalarının (AES) elektrik enerjisi istehsalını dayandırmaq məcburiyyətində qaldığını açıqlayıb.
Yaranmış vəziyyətlə əlaqədar Ukraynanın bütün regionlarında elektrik enerjisinin verilməsində tətbiq edilən saatlıq məhdudiyyətlərin müddəti artırılıb. Ukrayna Energetika Nazirliyi yaxın günlərin paytaxt Kiyev sakinləri üçün xüsusilə ağır keçəcəyi barədə xəbərdarlıq edib.