ABŞ Prezidenti Donald Tramp, Tehran tərəfindən Hörmüz boğazının dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə, İrana qarşı bombardmanları və hərbi hücumları iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu strateji qərar barədə o, "Truth Social" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Prezidentin sözlərinə görə, atəşkəs qərarı Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirlə aparılan təcili danışıqların yekununda qəbul edilib. Onlar ABŞ liderini gecə saatlarında İrana qarşı planlaşdırılan dağıdıcı gücün tətbiqindən çəkinməyə çağırıblar.
Amerika lideri xüsusi olaraq qeyd edib ki, hazırkı vəziyyətdə söhbət ikitərəfli atəşkəsdən gedir. O iddia edir ki, ABŞ artıq qarşıya qoyulan bütün hərbi məqsədləri yerinə yetirib və Yaxın Şərqdə uzunmüddətli sülhə dair yekun razılaşmanın hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə edib.
Məlumata əsasən, Vaşinqton İrandan 10 bəndlik təklif alıb və bunu gələcək danışıqlar üçün əsas kimi nəzərdən keçirir. Trampın iddiasına görə, ABŞ və İran arasındakı mübahisəli məsələlərin əksəriyyəti üzrə artıq razılıq əldə olunub, iki həftəlik müddət isə sənədin tam yekunlaşdırılması və imzalanması üçün nəzərdə tutulub.
"Amerika Birləşmiş Ştatları adından, Prezident kimi, həmçinin Yaxın Şərq ölkələrini təmsil edərək, bu çoxdankı problemin öz yekun həllinə yaxın olmasını şərəf hesab edirəm", - deyə o vurğulayıb.