Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas fəaliyyəti ilə bağlı tənqidlərlə üzləşib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Politico" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Kallasın ABŞ Prezidenti Donald Tramp haqqında səsləndirdiyi fikirlər və yeni vəzifəsinə tam uyğunlaşa bilməməsi Avropa paytaxtlarında narahatlıq yaradıb.
Məlumata görə, Kaya Kallasın "azad dünyaya yeni lider lazımdır" ifadəsi ABŞ Prezidenti Donald Trampa birbaşa işarə kimi qiymətləndirilib. Diplomatlar hesab edirlər ki, bu cür açıqlamalar Avropa İttifaqı hökumətlərinin onun rolunun gücləndirilməsi ilə bağlı arqumentlərini zəiflədə və strateji əməkdaşlığa mənfi təsir göstərə bilər.
Bildirilib ki, Kallas Brüsselin institusional məhdudiyyətlərinə hələ də tam uyğunlaşa bilməyib. Mənbələrin iddiasına görə, o, hələ də Estoniyanın baş naziri kimi fəaliyyət göstərir və Aİ-nin mürəkkəb bürokratik idarəetmə sisteminə tam adaptasiya ola bilməyib.
Xatırladaq ki, Kaya Kallas daha əvvəl Avropa İttifaqının əsas prioritetlərindən birinin birliyin müdafiə imkanlarının gücləndirilməsi olduğunu bəyan etmişdi.