Qəzza zolağında atəşkəs rejiminə baxmayaraq, İsrail ordusunun zərbələri nəticəsində yeni itkilər qeydə alınıb. Son 24 saat ərzində bölgədə 1 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəsdən sonra Qəzza zolağında ölənlərin sayı 1 260 nəfərə, yaralananların sayı isə 4 154 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, atəşkəsin qüvvəyə minməsindən sonra da bölgədə ölüm və yaralanma halları davam edib. Xilasetmə qruplarının çatmaqda çətinlik çəkdiyi ərazilərdə dağıntılar altında çox sayda şəxsin qaldığı da qeyd olunur.
2023-cü il oktyabrın 7-dən başlayan münaqişə nəticəsində Qəzza zolağında ölənlərin ümumi sayı 73 389 nəfərə yüksəlib. Yaralananların sayı isə 174 266 nəfər təşkil edir. Bu rəqəmlər Fələstin Səhiyyə Nazirliyinin 13 avqust tarixli məlumatlarına əsaslanır.
Bölgədə davam edən hərbi əməliyyatlar nəticəsində yaşayış məntəqələri və mülki infrastruktur ciddi zərər görüb. Humanitar vəziyyətin ağır olaraq qaldığı, dağıntılar altında olan şəxslərə çatma imkanlarının isə məhdud olduğu bildirilir.