Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Armenpress" agentliyi Ermənistan Baş naziri Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Andrey Plenkoviç təbrik məktubunda Ermənistanla əməkdaşlığın davam etdirilməsində və iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bildirib.
"Baş nazir Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Əməkdaşlığımızı davam etdirməyi və Xorvatiya ilə Ermənistan arasında münasibətləri daha da gücləndirməyi səbirsizliklə gözləyirəm. Xorvatiya Ermənistanın islahat səylərini və demokratiya, sabitlik və rifaha olan ortaq öhdəliyimizə əsaslanan Avropa İttifaqı ilə tərəfdaşlığının dərinləşməsini qətiyyətlə dəstəkləyir", – deyə məktubda qeyd olunub.
Xatırladaq ki, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, parlamentə daxil olmaq üçün üç siyasi qüvvə seçki baryerini keçib.
Belə ki, Vətəndaş Müqaviləsi Partiyası 727 min 160 səs və ya 49,825 faiz, Güclü Ermənistan bloku 340 min 88 səs və ya 23,281 faiz, Ermənistan bloku isə 145 min 113 səs və ya 9,934 faiz səs toplayıb.
İlkin nəticələrə görə, Vətəndaş Müqaviləsi Partiyası parlamentdə çoxluğu əldə edərək hökumət formalaşdırmaq imkanına malik olacaq.