Son dövrlərdə iqlim dəyişikliyi ilə bağlı BMT xətti ilə keçirilən konfranslar çox böyük reytinqə malikdir. Bir çox ölkələrin liderlərinin iqlim dəyişikliyi ilə bağlı mütəxəssislərin iştirakı ilə keçirilən konfranslara 100 minə qədər insan toplaşır. Müxtəlif bölmələrdə iqlim dəyişikliyinin yaratdığı fəsadlar, onun qarşısını almaq üçün görülən işlər, iqtisadiyyatın inkişafı istiqamətləri, beynəlxalq birlikdə bu məsələlərlə bağlı müzakirələr öz əksini tapır.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə millət vəkili Aydın Mirzəzadə dedi.
O qeyd etdi ki, insan fəaliyyətinin bütün sahələri iqlim dəyişikliyi ilə bağlı olan məsələdir və COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yüksək nüfuzundan, beynəlxalq birlikdə qazandığı hörmətdən asılıdır.

"Keçmiş Sovet respublikalarından və keçmiş Sovet siyasi blokundan Azərbaycan ilk dəfə COP konfransını keçirmək hüququna malikdir və 67 000 qonağın qeydiyyatdan keçdiyi, artıq onlarla dövlət başçısının, rəsmisinin iştirak etdiyi tədbir bu gündən dünya mətbuatının diqqətindədir. Bu, Azərbaycanın dünyada daha yaxşı tanıdılmasına, Azərbaycanın ekoloji tarazlıq üçün atdığı addımlar barəsində məlumatlara kömək edəcək. Azərbaycan ənənəvi neft qaz ölkəsi olmasına baxmayaraq, təbiətin qorunmasına, yaşıl dünya üçün mübarizənin müsbət təcrübəsini ortaya qoyur. Azərbaycan az sayda ölkələrdəndir ki, yaşıl enerjidən geniş istifadə edir. Azərbaycanda iki böyük günəş elektrik stansiyası fəaliyyət göstərir".
Deputat vurğuladı ki, işğaldan azad olunan zona ancaq yaşıl enerji ilə təmin ediləcəkdir.
"Suyun keyfiyyətinin artırılması, sudan səmərəli istifadə məsələsi bizim üçün vacib olan məsələlərdir. Xəzər sahilində dəniz suyunun içməli suya çevrilməsi üçün müasir bir kompleks tikilməkdədir. Bir sözlə COP29-un Azərbaycanda keçirilməsi həm iqlim dəyişikliyi ilə bağlı dünya birliyinin növbəti addımlarını müəyyənləşdirən bir tədbirdir. Digər tərəfdən isə Azərbaycanın dövlətçilik və müasir iqtisadiyyat təcrübəsinin, xarici ölkə nümayəndələri tərəfindən öyrənilməsidir. Gələn qonaqlar mədəniyyətimizlə, tariximizlə tanış olacaq, onlar Azərbaycanın bu istiqamətdə gördüyü təcrübədən yararlanacaqlar. Məhz belə platformalarda ikitərəfli münasibətləri ya qurmaq, ya bu münasibətləri daha da dərinləşdirmək barəsində növbəti təşəbbüsləri də eşidəcəyik", - deyə millət vəkili bildirib.